Siyasət

05 İyul

"Azəristiliktəchizat"ın yığılmış zərəri 100 milyon manata yaxınlaşıb

"Azəristiliktəchizat" ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı.

Fins. az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb.

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % artaraq 59,15 milyon manata çatıb, balans kapitalı isə 6,7 % azalaraq 130,528 milyon manata düşüb.

Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.