“Norm” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Bakı Mühəndislik Universiteti (BMU) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse imzalayıb.
Rektor H.Məmmədov Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılması, eyni zamanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması yönündə universitetlər və istehsal müəssisələri arasında əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Ali təhsil ocağının rəhbəri bu baxımdan “Norm” ASC ilə qurulan əməkdaşlığın yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssis, kadr hazırlığına töhfə verəcəyinə əminliyini bildirib.
“Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse də təmsil etdiyi qurumun ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, istehsalat təcrübələri əsasında universitetlərin kadr hazırlığı proseslərinə dəstək verilməsinə maraq göstərdiyini bildirib. İcraçı direktor BMU ilə əldə olunan razılşamanın əhəmiyyətini önə çəkərək, kifayət qədər geniş sahələri əhatə edən bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini vurğulayıb.
Daha sonra “Norm” ASC-nin İnsan Resursları və Administrativ İşlər üzrə müdiri Arzu Abdullayeva “Norm” şirkəti üçün təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib, belə layihələrin gənclərin təhsil və inkişafında, mütəxəssis kimi yetişməyində əvəzsiz rolunu vurğulayıb.
Sonra “Norm” ASC-nin istehsal tarixini, fəaliyyət sahəsini, eləcə də BMU ilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərini özündə əks etdirən təqdimat şirkətin İnsan Resursları və Administrativ işlər üzrə Baş mütəxəssis Tamerlan Ələkbərli tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, əməkdaşlıq biznes mühitinin inkişafı və ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, eyni zamanda dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına köməklik göstərilməsi məqsədi daşıyır.
Bu əməkdaşlığa uyğun olaraq, BMU-nun mühəndislik, iqtisadiyyat, maliyyə, biznes və idarəetmə ixtisasları üzrə BMU tələbələri şirkətdə istehsalat təcrübəsi keçəcək, ali təhsil ocağının müəllim heyəti isə “Norm” tərəfindən təşkil olunan təlim və seminarlara qatılacaqlar.
Bütövlükdə əməkdaşlığın istiqamətləri sırasına qarşılıqlı informasiya, bilik və təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılması, tərəflərin fəaliyyəti və icra edəcəyi layihələri ilə əlaqədar məlumat mübadiləsi, hər iki tərəfin maraq dairəsinə daxil olan mövzular üzrə müxtəlif statuslu elmi və elmi-texniki konfransların keçirilməsi, razılaşma çərçivəsində müəyyən edilmiş tələblərə cavab verən tələbələr üçün təcrübə proqramlarının təşkili, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə ixtisasartırma kurslarının təşkil edilməsi kimi məsələlər daxildir.
Əməkdaşlıq çərçivəsində tələbələri “Norm” ASC-nin fəaliyyəti, mövcud kadr təlabatı haqqında məlumatlandırmaq məqsədilə universitetdə “Karyera günləri”nı keçirmək, eləcə də şirkətin aparıcı mütəxəssislərinin müvafiq sahələrdə tədris prosesinə cəlb edilməsi üçün şərait yaradılması da nəzərdə tutulur.