Siyasət

01 İyul

Vüqar Bayramov: İstənilən zaman bazarda sıçrayışlar istisna edilmir

İstənilən zaman bazarda sıçrayışlar istisna edilmir.
"Fins.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov neft bazarındakı yeni çağırışları şərh edərkən deyib. 
Məlumata görə, neftin dünya bazar qiyməti yenidən azalmaqdadır. “Qara qızıl” hələ də əvvəlki illər ilə müqayisədə baha təklif olunsa da birjalarda volatillik yüksəlib. İyun ayında Brent markalı neftin hər barelində 8 dollar azalma qeydə alınıb. Ötən ayın ilk günündə hər bareli 116 dollara təklif edilən neft 108 dollaradək ucuzlaşıb.
Vüqar Bayramov neftin qiymətinin tez-tez dəyişilməsinə də münasibət bildirərək "Neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0% artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır,"-deyə qeyd edib. 
Millət vəkili həmçinin qeyd edib ki, təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır.
 
Müəllif: Aynur Qəniyeva