Bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 039,34 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 22,65% azdır.
2021-ci ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 929,17 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya (boru ilə nəql edilən qaz - red.) və ABŞ-dan (mayeləşdirilmiş təbii qaz - red.) sonra üçüncü yerdə qərarlaşıb.
Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.
© APA