Siyasət

30 İyun

Azərbaycanda sənaye şirkətlərinə hansı vergi güzəştləri edilir?

Ölkəmizdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunublar.

"Fins.az" xəbər verir ki, bu sahəyə vergi güzəştləri sahibkarların sənaye zonalarına marağını artırıb və əldə olunmuş nəticələr yüksək dinamikanı əks etdirir. Belə ki, indiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və artıq onlardan 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə, 2022-ci ilin I rübü də daxil olmaqla, ümumilikdə 6,5 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub.