Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkətinin nümayəndələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Emal Sahəsinə (ÇİRES) səfər ediblər.
"Fins.az" xəbər verir ki, işgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə həyata keçirilib.
Səfərin məqsədi “Çovdar” qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarının araşdırılması, hazırda tətbiq olunan texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.
Görüşdə tərəflər geotexniki monitorinq, buruqqazma və digər əməliyyatlar üzrə rəqəmsal verilənlər bazasının təkmilləşdirilməsi və proseslərin mərkəzləşdirilmiş formada idarəolunması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə rəqəmsallaşma yolu ilə keyfiyyət, xərc və səmərəlilik kimi amillərə və istehsal prosesinin optimallaşdırılmasına təsir mexanizmi müzakirə edilib. Səhmdar Cəmiyyətinin fəaliyyət sahələrinin innovativ həllərin və müasir texnologiyaların tətbiqi ilə avtomatlaşdırılması və rəqəmsallaşdırılması məqsədi ilə gələcək əməkdaşlıq perspektivləri çərçivəsində təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.
Daha sonra qonaqlar “Çovdar” mədənində sulfid fazası üzrə oksid filizlərinin hasilatı, filiz anbarında filizlərin idarolunması prosesləri, şirkətin mövcud maddi-texniki bazası, eləcə də zavod və laboratoriyada yaradılan şəraitlə əyani olaraq tanış olublar.
Müəllif: Aynur Qəniyeva