İnvestisiya portfelinə daxil olan valyutaların dəyər itirməsi Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) büdcədənkənar xərclər yaradıb.
"Fins.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”də bildirilib.
Belə ki, 2021-ci il ərzində ARDNF-nin investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə 1 646,6 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə isə büdcədənkənar xərclər 472,8 milyon manat təşkil edib. Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri (qızıl daxil olmaqla) 1 246,6 milyon ABŞ dolları təşkil edib.
ARDNF-nin avro portfeli üzrə zərəri 710,7 mln. ABŞ dolları, TRY üzrə 138,4 mln. ABŞ dolları, JPY üzrə isə 70,1 ABŞ dolları olub. Nəticə etibarı ilə Fond hesabat ilini 4 603,0 mln. manat və ya 2 707,6 mln. ABŞ dolları profisitlə başa vurub.