Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Azərbaycana məxsus 29 milyard kubmetr təbii qaz nəql edilib.
Fins.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, həmin həcmin 6,8 milyard kubmetri bu ilin payına düşüb. 2022-ci ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın nəq edilməsi nəzərdə tutulub.
Nazir həmçinin əlavə edib ki, bu il Avropaya 10 milyard kubmetr "mavi yanacaq" ixracı planlaşdırılır.
Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.