Azərbaycan bərpa olunan enerjinin xalis ixracatçısı olmaq istəyir,
"Fins.az" xəbər verir ki, bunu Energetika Naziri pərviz Şahbazov Əmirliklər Xəbər Agentliyinə (WAM) açıqlama verərək bildirib.
O bildirib ki, Azərbaycanın BƏƏ ilə tərəfdaşlığı bu iddialı ixracda mühüm rol oynayacaq.
“Azərbaycan ənənəvi olaraq neft və qaz istehsalçısı və ixracatçısı, eləcə də elektrik enerjisinin xalis ixracatçısı olub. İndi biz bərpa olunan enerji mənbələrini dinamik şəkildə inkişaf etdiririk. Biz tərəfdaşlarımız, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə birgə gələcəkdə yaşıl enerji də ixrac edəcək ölkə olacağıq”, - deyə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bildirib.
Hazırda Azərbaycan bərpa olunan enerji mənbələrinin istehsalı üzrə iddialı yola qədəm qoyduğunu bildirən Pərviz Şahbazov “Bu yaxınlarda biz yeni günəş elektrik stansiyasının təməlini qoymuşuq. Bu, BƏƏ-nin 100 faiz sərmayəsi ilə sənaye miqyaslı ilk bərpa olunan enerji layihəsidir,"-deyə qeyd edib.
Şahbazov Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə dünyanın aparıcı şirkətlərindən biri olan Əbu-Dabidə yerləşən Masdar tərəfindən tikilən 230 meqavatlıq (MVt) Qaradağ Günəş fotovoltaik elektrik stansiyasından danışıb. Masdar 2022-ci ilin martında tikintiyə rəsmi başlanacağını elan edib.Bu, Azərbaycanda xarici investisiyaya əsaslanan ilk müstəqil günəş enerjisi layihəsidir.
Masdar 2021-ci ilin aprel ayında Ələtdən doqquz kilometr şimal-qərbdə yerləşən Qaradağ layihəsi üzrə işlənmə müqavilələrini imzalayıb və zavodun 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir.
BƏƏ tərəfindən maliyyələşdirilən 110 000 evi elektrik enerjisi ilə təmin edəcək layihə hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 110 000-dən çox evin ehtiyaclarını ödəməyə kifayət edəcək. O, həmçinin emissiyaları ildə 200.000 tondan çox azaldacaq və çoxsaylı iş yerləri yaradacaq.
Energetika naziri "Biz BƏƏ ilə bu uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazırlaşırıq,"-deyə fikirlərini davam etdirib.
Müəllif: Aynur Qəniyeva