Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.
"Fins.az" xəbər verir ki, “Masdar” şirkətinin Abu-Dabidə yerləşən mənzil-qərargahında baş tutan geniş tərkibli görüşdə bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar” şirkətinin əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl” enerji siyasəti və hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə dəyərləndirilib.
Görüşdə, həmçinin Qaradağ GES-in nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər və icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. Bildirilib ki,“Masdar” ilə hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.