Siyasət

10 May

Azeri Gold-da Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir 

Xalqımızın Ulu öndəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının on illiyi münasibətilə tədbir keçirilib.

 "Fins.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivinin üzvlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil edilmiş interaktiv tədbirdə Azərbaycan tarixində müstəsna xidmətləri ilə əbədilik qazanmış ümummilli liderin mənalı həyat yolu, çoxşaxəli siyasi irsindən bəhs edilib. Kollektiv üzvləri Mərkəzdə dahi liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən məlumatlar, maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları tərəfindən ulu öndərin müstəqil Azərbaycanın quruculuğunda göstərdiyi misilsiz fədakarlıq, eləcə də Sovet dönəmində onun rəhbərliyi ilə həyata keçirilən siyasi fəaliyyətdən bəhs edilib. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması kimi, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri qismində tarixdə silinməz iz qoyduğu qeyd edilib.

Daha sonra Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində ölkəmizlə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin 10 illik fəaliyyəti barədə bəhs edilib. Azərbaycanın müasir reallıqlarını əks etdirən, qeyri-adi, mürəkkəb quruluşlu binası ilə paytaxtımızın çağdaş simvollarından birinə çevrilən Mərkəzin fəaliyyətə başlamasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildiyi, bu mədəniyyət ocağının yaradılmasının Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərdiyi qeyd edilib. Tədbirdə “AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal edilən, yerli qızıl və gümüşdən hazırlanmış birinci sikkə kolleksiyasiyasının üzərində Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm edən Heydər Əliyev Mərkəzinin dizaynının əks olunduğu vurğulanıb.