Siyasət

09 May

Dünyada kömür və neftə tələb artıb

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın enerjisindən asılı ölkələr alternativ enerji mənbələri axtarmağa başlayıblar. Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlazqoda keçirilən İqlim Dəyişikliyi konfransında qalıq yanacaqlardan istifadənin azaldılması ilə bağlı qərarlar qəbul edilməsinə baxmayaraq, əksər ölkələr neft və kömürdən istifadəni artırırlar.

Koronavirus pandemiyası və Rusiya-Ukrayna müharibəsindən əvvəl 2030-cu ilə qədər dünyada neftə tələbin pik həddə çatacağı, sonra isə bərpa olunan enerji mənbələrinə keçid gözlənilirdi.

Pandemiya zamanı dünyanın gündəlik neft tələbi 100 milyon bareldən 82 milyon barelə qədər azalmasına baxmayaraq, pandemiyadan sonra bu göstərici yenidən 100 milyon bareli ötüb.

Müharibənin başlanmasından sonra enerji bir silaha çevrilib. Bütün dünyada qiymətlər ən yüksək həddə çatıb. Brent markalı neftin bir barelinin qiyməti 140 dolları, kömürün bir tonunun qiyməti isə 500 dolları ötüb.

Bu vaxt bir çox ölkələr, xüsusən də Avropa İttifaqı (Aİ) Rusiyanın enerjisindən asılığı azaltmaq üçün kömürü alternativ yanacaq kimi daha çox istifadə etməyə başlayıblar. Təkcə ötən il dünyada rekord həcmdə - 8 milyard ton kömür istehlak edilib.

“Seta” Enerji Araşdırmaçısı Büşra Zeynəb Özdəmir iqlim hədəflərinin dünyanın ən mühüm mövzularından biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, qalıq yanacaqlar hələ də bir çox enerji mənbələrindən daha səmərəlidir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə hələ də neft-mədən ehtiyatlarına ciddi tələb var.

“Kömür bu ölkələr üçün enerji idxal edə biləcəkləri bir mənbədir. Avropa ölkələri Rusiyadan kömür idxal etsələr də, bu ölkələrin həmçinin Kolumbiya, Amerika Birləşmiş Ştatları, Avstraliya və s. kimi təchizatçıları var.

Neft və kömürdən asılılıq bir neçə ildən sonra azala bilər. Ancaq alternativ enerji mənbələri yaratmaq elə də asan deyil”.

© TRT Haber