Bu il SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 6 451 327 ton neftin emal ediləcəyini proqnozlaşdırır.
Bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, ötən il NEZ-də 6 657 359 ton neft emal edilib. Beləliklə, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə NEZ-də neft emalı 3,1% azalacaq.
Qeyd edək ki, bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1 582 710 tona yaxın neft emal edilib, bu da illik müqayisədə 9,7% çoxdur.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və moderləşdirmə işləri aparılıb.
Bu ilin aprelində NEZ-in işi planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. Zavodun işi may ayının sonunda bərpa ediləcək.
© APA