Siyasət

19 Oktyabr

"NEQSOL Holding" Ukraynanın ən böyük sement istehsalçısını almaq niyyətini şərh edib

"NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun prioritet fəaliyyət sahələrindən biri tikinti materialları sahəsidir. Holdinqin tərkibinə 2013-cü ildə fəaliyyətə başlamış və hazırda Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan "Norm" sement zavodu daxildir. Beynəlxalq səviyyəli, güclü idarəetmə komandasına malik olaraq, "NEQSOL Holding" Mərkəzi və Şərqi Avropada sement istehsalı səhəsində aparıcı oyunçu olmaq strategiyasını həyata keçirir.

Beynəlxalq strateji investor olaraq "NEQSOL Holding" Ukraynada investisiya portfelinin genişlənməsində, xüsusən də tikinti materialları bazarına daxil olmasında maraqlı olduğunu bildirib.

Şirkətlər qrupu bildirir ki, hazırda holdinq və Ukraynanın ən böyük sement istehsalçı olan "İvano-Frankovsksement" Özəl Səhmdar Cəmiyyətinin (ÖSC) səhmdarları danışıqların son mərhələsindədir. 18 oktyabr tarixində "NEQSOL Holding" ÖSC-nin səhm paketini almaq üçün Ukraynanın Antiinhisar Komitəsinə (AMKU) müraciət edib.

Ukraynada əqdin maliyyələşdirilməsi aparıcı beynəlxalq maliyyə institutları və bankları tərəfindən təmin olunması planlaşdırılır. Danışıqlar davam etdiyinə görə, əqdin kommersiya şərtləri açıqlanmır.

"NEQSOL Holding" yeni əqdin AMKU tərəfindən təsdiqlənməsinə ümid edir. Holdinq, Avropanın ən müasir yüksək texnoloji və iqtisadi cəhətdən səmərəli sement istehsalı müəssisələrindən birini yaratmış İvano-Frankovsksement şirkətinin rəhbərliyinin və işçilərinin nail olduqları uzunmüddətli üstün nəticələri yüksək qiymətləndirir.

2019-cu ildə "NEQSOL Holding" Ukraynanın ən böyük telekommunikasiya operatorlarından biri olan "Vodafone Ukrayna" şirkətini alıb. 2021-ci ilin əvvəlində "NEQSOL Holding"in Kiyevdə regional ofisi açılmışdır.

"NEQSOL Holding" haqqında

"NEQSOL Holding" Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, BƏƏ və digər ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq, bir çoxu öz sahələrində iyirmi ildən çox təcrübəyə malik və bazar liderləri olan 30-dan çox törəmə şirkətlərini birləşdirir.

"NEQSOL Holding"in tərkibində "Nobel Oil Services", "Nobel Upstream", "Bakcell", "Vodafone Ukraine" və Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Norm şirkətləri fəaliyyət göstərir. Holdinq, yeni coğrafi və biznes sahələrinə daxil olmaqla yanaşı biznes fəaliyyətini genişləndirmək üçün davamlı olaraq şirkətlər arasında böyüməni və sinerjini gücləndirməyi hədəfləyir. Bu, Avropanı Mərkəzi və Cənubi Asiyaya birləşdirən ən qısa müasir tranzit fiber-optik infrastruktur şəbəkəsini inkişaf etdirməyi hədəfləyən Rəqəmsal İpək Yolu kimi layihələr vasitəsilə əldə ediləcək.

Daha ətraflı məlumat: www.neqsolholding.com