Siyasət

30 Mart

Azərbaycan Parisdə beynəlxalq astronavtika konfransında iştirak edir

Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) nümayəndə heyəti 28-30 mart tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında iştirak edir.

“Fins.az” xəbər verir ki, “Azərkosmos”un sədri Saməddin Əsədov tədbirdə çıxış edərək 2023-cü ildə Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərindən, o cümlədən agentliyin kosmik sahədəki fəaliyyətindən və ölkənin kosmik ekosisteminə verdiyi töhfələrdən bəhs edib. Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbirin 50 ildən sonra yenidən Bakıda keçiriləcəyi, kosmik ictimaiyyətin bir araya toplanacağı vurğulanıb.

Konfransda milli və regional kosmik proqramlar üçün möhkəm təməlin yaradılmasında cəmiyyətdə kosmik məlumatlılığın artırılmasının vacibliyi, kosmik tətbiqlərin sosial-iqtisadi faydaları, bu sahə ilə məşğul olan ölkələr arasında təcrübə mübadiləsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Yaz toplantıları” çərçivəsində ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin rəsmi nümayəndələrinin iştirakı ilə sessiya keçirilib. Sessiyada dünyanın indiyə kimi qurulmuş ən mürəkkəb elmi teleskopu hesab olunan “James Webb” kosmik teleskopu vasitəsilə günəş sistemindəki sirləri aşkar etmək məqsədindən bəhs olunub və bu missiyanı həyata keçirmək üçün beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

 

Daha sonra Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada “yeni kosmik sənaye”nin rolu və bu sahədə olan trendlər haqqında müzakirələr aparılıb.

“Yaz toplantıları” çərçivəsində Azərbaycanın kosmik ölkə olaraq tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb və konfrans iştirakçıları gələn il Bakıda keçiriləcək konqresə dəvət olunublar.

Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən “Yaz toplantıları” Federasiyanın mühüm tədbirləri sırasında yer alır. Tədbir çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının plenar sessiya və iclasları davam edir.