Siyasət

13 Mart

Şahbazov: Azərbaycan bu il Avropaya qaz ixracını 9,1 milyard kubmetrə qədər artıracaq

Azərbaycan 2022-ci ildə Avropaya 9,1 milyard kubmetr qaz ixrac edəcək.

"Fins.az" xəbər verir ki,bunu energetika naziri Pərviz Şahbazov deyib.

Azərbaycan 2020-ci il dekabrın 31-də TAP boru kəməri ilə Avropaya qaz ixracına başlayıb. 2021-ci ildə Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstan) 8,2 milyard kubmetr qaz ixrac edilib.

“Bu il Türkiyəyə qaz ixracımız 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq (2021-ci illə müqayisədə artım 11%)”, - deyə nazir Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2020-ci il dekabrın 31-dən indiyə qədər TAP-la Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib.

Şahbazov vurğulayıb ki, Azərbaycanın nəhəng qaz ehtiyatları onun tədarük coğrafiyasının genişləndirilməsini aktuallaşdırır və artıq bu istiqamətdə fəaliyyətə başlamağın zamanıdır.

Nazir qeyd edib ki, Azərbaycan yalnız Xəzər dənizinin qazının deyil, həm də külək enerjisi potensialından yararlanmaqla elektrik enerjisinin ixracında maraqlıdır.

Azərbaycan 2021-ci ildə 19,2 milyard kubmetr qaz ixrac edib