Siyasət

10 Mart

Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmağa hazır olduğunu bildirib

Artıq 50 ildir ki, qlobal enerji bazarlarında ən etibarlı və məsuliyyətli tədarükçü olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft bazarında sabitliyin dünya iqtisadiyyatı üçün əhəmiyyətli olduğuna əminliyini ifadə edib.

Fins.az xəbər verir ki, BƏƏ-nin ABŞ-dakı səfiri Yusif Əl-Otaiba bəyanatla çıxış edərək bildirib ki, biz hasilatı artırmağa hazırıq və OPEC ölkələrini də bu addımı atmağa çağırırıq”.

Bu, Qərb ölkələrinin son günlər xam neftin hasilatını artırmaq barədə müraciətlərinə ərəb ölkələri arasında ilk müsbət cavabdır. İndiyədək Körfəz ölkələri rəsmi Vaşinqtonun son həftələr artan təzyiqinə mənfi yanaşır, “OPEC+” sazişinin şərtlərinə sadiq olduqlarını bildirirdilər. Səfir Əl-Otaiba da ötən həftə BƏƏ ilə ABŞ arasında münasibətlərin “çətin sınaqlardan keçdiyi” barədə məlumat vermişdi. Bundan başqa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da “The Atlantic” jurnalına müsahibəsində ABŞ Prezidenti Co Baydenin onun haqqında nə düşündüyü ilə maraqlanmadığını diqqətə çatdırmışdı.

Ekspertlər hesab edirlər ki, Co Baydenin prezidentliyi dövründə ABŞ-ın ərəb ölkələri ilə münasibətlərində soyuqluq yaranıb və bunu aradan qaldırmaq məqsədi ilə onun Körfəz dövlətlərinə səfəri planlaşdırılır.