Siyasət

23 Fevral

SOCAR-ın yeni rəhbəri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Fins.az” xəbər verir ki,görüşdə SOCAR və Dünya İqtisadi Forumu arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Bakıda fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzi ilə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə edilib.

Rövşən Nəcəf qeyd edib ki, SOCAR Dünya İqtisadi Forumunun uzunmüddətli tərəfdaşıdır, əməkdaşlığın davam etdirilməsində, Forumun gələcək tədbirlərində iştirak etməkdə maraqlıdır. SOCAR-ın iki müəssisəsi- “Petkim” və “STAR” neft emalı zavodu Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” şəbəkəsinin ən çox rəqəmsallaşmış müəssisələri arasında yer almağa nail olmuşdur. Rəqəmsallaşma SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit olunmuşdur. Bu baxımdan Azərbaycanda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətə başlaması Forumla SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Bakıda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin açılmasından məmnunluğunu bildirmiş, Mərkəzin yaradılmasının iki il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə razılaşdırıldığını vurğulamışdır. Bakıdakı Mərkəzdə süni zəka, rəqəmsal ticarət və s. sahələrdə araşdırmaların aparılacağını söyləyən Borge Brende bu istiqamətlər üzrə Forumun dəyərli tərəfdaşlarından olan SOCAR-la yeni əməkdaşlıq imkanlarının yarandığını ifadə etmişdir. O, eyni zamanda enerji təchizatının dünya ölkələrinin gündəmində əsas məsələlərdən biri olduğunu xatırladaraq, bərpa olunan enerjinin inkişafı və digər enerji layihələri çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini vurğulayıb.

Görüşdə SOCAR-ın neft-qaz sənayesində zəngin təcrübə və ənənələrə, insan kapitalına malik olması qeyd edilərək, mövcud resurslardan Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətində istifadə imkanlarına dair fikir mübadiləsi aparılıb.