BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin inkişafına 2,6 milyon manata yaxın yatırım həyata keçiriəcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilir.
“Komitəyə bir neçə investor tərəfindən təkliflər daxil olub, lakin qiymətləndirmədən sonra “BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin nizamnamə kapitalının 97,7%-ni təşkil edən 1milyon 465,388 min səhminin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Qalib investor ümumi həcmi 2,57 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürür”, - məlumatda qeyd olunur.
ƏMDX-nin məlumatına görə, müsabiqə qalibi tərəfindən investisiyaların 2 il ərzində yatırılması, 80-dən az olmayan yeni iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növ sənaye avadanlıqların istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə xidmət edəcək.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat məbləğində vəsaitin köçürülməsini, müəssisənin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür.
“İnvestisiya Proqramına əsasən müəssisədə yüksək təzyiqli qaz tənzimləyiciləri, qaz sənayesi üçün tənzimləyici qəfəslər, mərkəzdənqaçma nasosları, dağ-mədən sənayesi üçün kürələr, müxtəlif qaldırıcı avadanlıqlar və başqa rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi nəzərdə tutulur”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci il 7 iyul tarixində “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Zavod Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşir. Müəssisənin 62,971 min manat məbləğində debitor borcu və 823,436 min manat məbləğində öhdəlikləri var