Siyasət

24 Avqust

Bakı-Supsa kəməri ilə neftin nəqli cüzi azalıb

Bu ilin yanvar-iyun aylarında Bakı-Supsa Qərb İxrac Boru Kəməri (QİBK) ilə 2 118,6 min ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,01% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin birinci yarısında bu kəmər vasitəsilə 2 121,1 min ton neft nəql edilib.

Xatırladaq ki, ötən il QİBK ilə 4 180,8 min ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Uzunluğu 833 km olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martınadək davam edib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.

(c)APA