Siyasət

23 Avqust

Qarabağda işləmək üçün şirkət yaradıram – usta ilə söhbət

Yaşı da gəncdir, bu sənətdə də gəncdir. 21 yaşında tikintidə fəhlə kimi işləməyə başlayan Bahad usta indi 37 yaşındadır. Deyir ki, ali təhsil almağa böyük marağı olub, amma kasıbçılıq imkan verməyib: “Hərbçi də olmaq istədim, iqtisadçı da, amma atam kasıb idi deyə ona kömək etməli oldum, oxumağa vaxt tapmadım. İqtisad universitetinə ümumiyyətlə imtahan verə bilmədim, hərbidə isə bəzi çatışmazlıqlar ucbatından oxuya bilmədim”.


Norm Ustalar Klubu layihəsi çərçivəsində budəfəki həmsöhbətimiz Oğuzdan olan usta Bahad Məhərrəmovdur. Gənc olmasına baxmayaraq, rayonda adlı-sanlı ustalardandır. Sənəti atasından öyrənib: “Gözümü açandan atamı usta işləyən gördüm. Elə ona kömək edə-edə öyrəndim. Əvvəllər fəhlə də işləmişəm, bənna da. İndi briqada şəklində işləyirik, evi, obyekti 0-dan götürüb tam hazır vəziyyətdə təhvil veririk. Mən işi razılaşdırıram, elektrik-santexnik kimi əsas işləri özüm görürəm, qalanını ustalar işləyir”.

Oğuzun Muxas kəndindən olsa da, hazırda rayonun mərkəzində yaşayır: “İşimlə əlaqədar burda məskunlaşmışam. Atamgil kənddə yaşayır, mən rayonda”. Bahad usta da digər həmkarları kimi, işin bol olduğunu bildirir, işsizlikdən şikayətlənmir.

İşğaldan azad edilən ərazilərimizdə aparılacaq tikinti-bərpa işlərində iştirak etmək niyyətindədir. Bu məqsədlə şirkət yaratmağa hazırlaşır: “Müraciət etmişəm ki, şirkət yaradım, Şuşada tikinti işlərində iştirak edim. Aprel ayında məsələ yekunlaşmalıdır. Bu işdə mənim tərəfdaşım Norm Sement zavodu olacaq”. Tikinti işlərini Norm sementləri ilə görmək istəyirəm.

Kiçik və Orta Biznesə Dəstək Fondu da ustanın bu arzusunun reallaşmasına dəstək olmaqda maraqlıdır. Bahad ustanın sözlərinə görə, tenderlərdə iştirak edib qalib olduqdan sonra işğaldan azad olunmuş ərazilərdə işləməyə məmnuniyyətlə hazırdır: “Mən Şuşanın adını çəkdim, yəni məsələ onda deyil ki, mütləq orada işləmək niyyətindəyik, sadəcə olaraq, hələlik orada yaşayış üçün şərait var deyə ora üz tutmuşuq. Amma inşallah, mart-aprel aylarında sənədləşmə işlərimiz yekunlaşandan sonra bütün Qarabağımızda işlər görəcəyik, oraların abadlaşdırılmasında yaxından iştirak edəcəyik”.

B.Məhərrəmovun 3 qız övladı var, ikisi orta məktəbdə oxuyur, biri hələ körpədir: “Onların oxumasına dəstək olacam. Özüm oxuya bilməmişəm, amma övladlarımın ən yaxşı universitetlərdə təhsil alması üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Bahad usta Norm Ustalar Klubunun üzvüdür. Norm Ustalar Klubu “Norm” şirkəti tərəfindən 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.