Siyasət

24 İyun

Nazirdən 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə hərraclarla bağlı açıqlama

Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib.

Fins.az xəbər verir ki,iclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov çıxışında təşkilatın Avrasiyada çoxşaxəli qarşılıqlı-faydalı münasibətləri təşviq edən əməkdaşlıq formatı kimi rolundan bəhs edib. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü Azərbaycanın təşkilatla əməkdaşlığa yüksək münasibətinin nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycan təşkilat çərçivəsində nəqliyyat, energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf istiqamətləri üzrə bir sıra layihələrin təşəbbüskarı və aktiv iştirakçısıdır: “Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il, təxminən, 4,9 milyard ABŞ dolları olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 20 faiz təşkil edir. Bu ölkələr indiyə kimi Azərbaycan iqtisadiyyatına 16,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,5 mlrd. ABŞ dollarından çox sərmayə yatırıb”, deyə nazir qeyd edib.

Ölkəmizin enerji siyasətindəki nailiyyətlərinin İƏT daxilində enerji əməkdaşlığına töhfələrindən, ikitərəfli və üçtərəfli enerji əməkdaşlığı formatlarından danışan nazir deyib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış, Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən şaxələnmiş neft-qaz boru kəmərləri infrastrukturu region ölkələrinin də maraqlarını, enerji təhlükəsizliyi məsələlərinin həllini təmin edir. 

Nazir, həmçinin hazırda həyata keçirilən və planlaşdırılan layihələrin, elektroenergetika sektorunda aparılan islahatların İƏT “Regional Elektrik Enerjisi Bazarı”nın yaradılması prosesinə dəstəyinə və yeni əməkdaşlıq perspektivlərinə dair məsələlərə də toxunub. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə yaranmış yeni reallıqlar təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək yeni layihələrlə İƏT çərçivəsində enerji də daxil olmaqla geniş əməkdaşlığa yol açır. Gələcəkdə, təxminən, 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə planlaşdırılan hərraclar, həmçinin Xəzər dənizinin külək, Qarabağın isə zəngin külək, günəş və hidro potensialından birgə istifadə İƏT daxilində enerji və iqtisadi əməkdaşlığı dərinləşdirə biləcək imkanlardır.”

İƏT-in Baş katibi Hadi Süleymanpur isə təşkilatın növbəti onillikdə üzv ölkələr arasında “yaşıl enerji”nin ümumi enerji balansında payının mövcud vəziyyətə nisbətən əhəmiyyətli dərəcədə yüksək səviyyəyə çatdırılması, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın gücləndirilməsi hədəfləri barədə məlumat verib.