Siyasət

04 İyun

Şahdəniz – regionun enerji xəritəsini dəyişən layihə

Azərbaycan ən qədim neft istehsal edən ölkədir və neft sənayesinin bütün tarixi boyu dünyanı enerji ilə təmin etmişdir.

 

Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra onun enerji təchizatı coğrafiyası nəhəng Azəri-Çıraq-Günəşli neft yatağının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənmişdir. Nəticə etibarilə, ölkə iyirmi ildən artıqdır ki, təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir.

21-ci əsrdə isə Azərbaycanın enerji sənayesi nəhəng Şahdəniz yatağında aşkar edilmiş təbii qaz ehtiyatları sayəsində sürətli inkişafına davam etmişdir.

Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) iyirmi beş il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir.

Şahdəniz üzrə HPBS-nin imzalanması və Şahdəniz perspektiv sahəsində böyük bir qaz kondensat yatağının aşkar edilməsi Azərbaycan iqtisadiyyatına irihəcmli xarici investisiyaların yönəldilməsinə səbəb oldu. Şahdəniz yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması ölkəni qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açdı. Bu yaxınlarda istifadəyə verilən Cənub Qaz Dəhlizi (CQD) sayəsində isə Azərbaycanın enerji ehtiyatları ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çıxdı. Bu, ölkənin Avropaya irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaratdı.

Şahdəniz üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılmışdır. Şahdəniz üzrə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NIKO (10,0%) və Cənub Qaz Dəhlizi Apstrim (6,7%).

Şahdəniz yatağı

Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Yataq Bakıdan təqribən 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.

Şahdəniz 140 kvadrat kilometrdən artıq sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.

1997-2001-ci illər ərzində Şahdəniz strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları dünya səviyyəli qaz kondensat yatağının olduğunu təsdiq etdi.

Şahdəniz yatağının işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında Şahdəniz üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə razılıq verdilər. Həmin mərhələdə apstrim və midstrim infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən bir platformanın və onu Səngəçal Terminalına birləşdirəcək boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası nəzərdə tutulurdu.

2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri Şahdəniz Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.

Şahdəniz 2

Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi, yəni Şahdəniz 2, 2013-cü ildə təsdiqləndi. Şahdəniz 2 dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.

Dənizdə Şahdəniz 2 layihəsi 26 sualtı quyu, 500 km sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 km boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün üç yeni kompressiya obyektləri inşa edilmişdir.

Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, Şahdəniz 2 layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə Şahdəniz yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100000 bareldən çox kondensat təşkil edəcək.

Mövcud Şahdəniz qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur. Hazırda layihə əsas diqqəti sualtı tikinti işlərinə və yeni cinahları işə salmaq üçün quyu proqramına yönəldərək hasilatı ən yüksək sabit səviyyəyə çatdırmaq istiqamətində irəliləyir. Ümumilikdə Şahdəniz 2 çərçivəsində 26 quyudan 21 quyu artıq qazılmış, 18 quyu isə tamamlanmışdır. Bu quyulardan səkkizi hal-hazırda istismardadır və daha beşi dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.

Şahdəniz yatağında hasilat maksimuma çatdıqda, Cənub Qaz Dəhlizi boyu yerləşən paytaxt şəhərlərdən hər birinin ehtiyaclarını iki dəfədən artıq ödəmək üçün kifayət qədər təbii qaz təmin edəcək.

 

Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Şahdəniz Avropaya yeni böyük enerji həcmlərini çatdırmağa başlayaraq Avropanın enerji mənbələrini daha da şaxələndirmiş və enerji keçidi üçün vacib olacaq yeni təbii qaz tədarükünü təmin etmişdir.

Yerli imkanların genişləndirilməsi

Şahdəniz yatağının işlənməsi bir çox sahələrdə yerli potensialın və texnoloji imkanların artmasına təkan vermişdir.

Şahdəniz 2 üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələri təkmilləşdirilmiş, o cümlədən Bayıl zavodunun platforma tikinti imkanlarını genişləndirilmiş və BOS Shelf müəssisəsinin yeni sualtı konstruksiyalar inşa etmək imkanları inkişaf etdirilmişdir. Şahdəniz 2 dəniz platformalarının istehsalı ilk dəfə tam olaraq yerli səviyyədə Azərbaycanın yerli resursları və imkanlarından istifadə edərək həyata keçirilmişdir.

Layihə ölkənin dəniz gəmilərinin imkanlarının yaxşılaşdırılmasına da kömək etmişdir. Layihə çərçivəsində istifadəyə verilmiş müasir "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq Şahdənizdə sualtı tikinti işlərini dəstəkləmək üçün inşa edilmişdir.

Şahdəniz layihəsi hər iki mərhələsində tikinti və istismar əməliyyatları çərçivəsində regiondakı insanlar üçün əhəmiyyətli məşğulluq imkanları təmin etmişdir. Şahdəniz 1 layihəsinin işə salınmasında 5000 nəfərdən çox insan iştirak etmişdir. Şahdəniz 2 layihəsinin işlənməsinin pik həddində Azərbaycan və Gürcüstanda 30 mindən çox iş yeri yaradılmış və ümumi iş saatları 180 milyondan çox olmuşdur.

 

Tikinti və sonrakı istismar fəaliyyətini dəstəkləmək məqsədilə yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları təmin edilmişdir.

Şahdəniz layihəsi çərçivəsində yerli təchizat strategiyası yerli müəssisələrin daha da inkişaf etməsini stimullaşdıraraq yüzlərlə Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan vermişdir.

Layihə həmçinin sosial inkişafı və iqtisadiyyatını gücləndirməkdə Azərbaycanı dəstəkləmək məqsədilə dayanıqlı inkişaf təşəbbüslərinin davam etdirilməsi üçün yeni imkanlar yaratmışdır.

 

 Əsas hadisələrin xronologiyası   

1996 Şahdəniz üzrə hasilatın pay bölgüsü sazişi imzalandı.

1999 Şahdəniz yatağı kəşf olundu. 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat həcmində nəhəng qaz yatağı. bp-nin indiyədək ən böyük qaz kəşfi.

2001 Mərhələ 1 qazının tranziti, nəqli və satışı üzrə hökumətlərarası sazişlər imzalandı

2002 Tranzit Ərazisinə Malik Ölkələrin Hökumətləri ilə Sazişlər imzalandı

2003 Şahdəniz Mərhələ 1 layihəsinin icrası başlandı

2003 Şahdəniz Mərhələ 1 layihəsi üzrə obyektlərin inşası başlandı

2004 Cənubi Qafqaz Boru Kəmərinin tikintisi başlandı

2006 Şahdəniz Mərhələ 1 platforması dənizdə quraşdırıldı

2006 Şahdəniz Mərhələ 1 layihəsi üzrə ilk qaz hasil edildi və Cənubi Qafqaz Boru Kəmərinə vuruldu

2007 Şahdəniz Mərhələ 1 qazı Gürcüstan və Türkiyəyə çatdırıldı

2007 Şahdəniz yatağının dərin qatlarında iri həcmli əlavə qaz-kondensat ehtiyatları aşkar edildi

2010 Azərbaycan və Türkiyə hökumətləri arasında Şahdəniz 2 işlənməsinə yol açan anlaşma memorandumu İstanbulda imzalandı

2010 Şahdəniz 2 işlənməsi planlarını dəstəkləyən SDX-06 qiymətləndirmə quyusu qazılmağa başlandı

2011 Avropa İttifaqı və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamə imzalandı

2011 Azərbaycan və Türkiyə arasında Şahdəniz 2 üzrə hökumətlərarası saziş və qazın satışı və tranziti üzrə paket sənədlər imzalandı

2012 Azərbaycan və Türkiyə arasında Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasına dair hökumətlərarası saziş imzalandı

2012 Şahdəniz Mərhələ 1 ən yüksək sabit hasilat səviyyəsinə çatdı

2013 Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə yekun investisiya qərarı verildi

2013 Trans-Adriatik Boru Kəməri (TAP) Avropaya ixrac marşrutu kimi seçildi

2013 Doqquz Avropa şirkəti ilə iri qaz satışı sazişləri imzalandı

2014 Səngəçalda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi

2014 Şahdəniz 2 üçün əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalandı

2015 Şahdəniz 2 obyektləri və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işləri başlandı

2016 Şahdəniz 2 platformalarının birinci dayaq bloku dənizə yola salındı

2017 Şahdəniz 2 platformalarının ikinci dayaq bloku dənizə yola salındı

2017 Şahdəniz 2 platformalarının birinci üst tikililəri dənizə yola salındı və öz yerinə quraşdırıldı

2017 Şahdəniz 2 layihəsi üçün yeni müasir Xankəndi sualtı tikinti gəmisi istismara verildi

2017 Şahdəniz 2 platformalarının ikinci üst tikililəri dənizdə quraşdırıldı

2017 Azərbaycan və Gürcüstan üzrə tikinti işlərində 30000-dən çox insan iştirak edib – 24000 Azərbaycanda, 6000 Gürcüstanda

2018 Şahdəniz 2 və CQBKG layihələrinin Səngəçal terminalında rəsmi açılışı oldu

2018 Türkiyənin Əskişəhər şəhərində TANAP-ın açılış mərasimi keçirildi

2018 Şahdəniz 2 çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqli başlandı

2018 Şahdəniz Bravo platformasından ilk hasilat əldə edildi

2018 Şahdəniz yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə 100 milyard kubmetr qaz əldə edildi

2019 Şahdəniz 2 layihəsinin dənizdə və qurudakı obyektlərinin əməliyyatlara tam təhvili başa çatdı.

2019 Türkiyənin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi

2020 TAP kommersiya əməliyyatlarına başladı

2020 Şahdənizdən Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qaz nəqli başlandı

2021 Şahdəniz qurğularının hasilat gücü gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrə çatdı 

2021 Şahdəniz 2 çərçivəsində iki cinahda 8 quyu istismardadır. Dərinsulu sahədə yerləşən Şərq Cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə beş əlavə quyu istismara veriləcək.

 Xəzərə qabaqcıl texnoloji təcrübənin gətirilməsi

Şahdəniz yatağının işlənməsi zamanı  bir sıra texniki çətinliklər ortaya çıxdı. Buraya yüksək lay-kollektor təzyiqləri, dərin sularda yerləşmə və nəhəng coğrafi ərazini əhatə etməsi səbəbindən lay-kollektora girişin mürəkkəbliyi daxil idi. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Şahdəniz layihəsində qabaqcıl sualtı və qazma texnologiyaları tətbiq olundu. Onlardan bəziləri, o cümlədən aşağıda qeyd olunanlar, Xəzərdə ilk dəfə istifadə olunurdu:

- Böyük miqyaslı sualtı hasilat. Şahdəniz sualtı hasilat sistemi 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 km axın xətti olan dünya səviyyəli bir sistemdir. Burada dünyanın ən çətin yüksək təzyiqli quyularından qaz hasil etmək üçün yeni qazma və tamamlama sistemlərindən də istifadə olunur.

- Təzyiqə qarşı yüksək etibarlılıqlı qoruyucu klapan (HIPPS). HIPPS klapanı Xəzər dənizində ilk dəfə istifadə olunan daha bir yenilikdir. Manifold təzyiqi əvvəlcədən təyin olunmuş səviyyəni aşdıqda HIPPS klapanı cəmi 15 saniyədə bağlana bilir və bununla Şahdəniz yatağında ən yüksək təhlükəsizlik standartlarına nail olmağa imkan verir.

- Birbaşa elektrik isitmə. Bu müasir texnologiya 500 metr dərinlikdə dənizin dibində yüzlərlə kilometr boru kəməri ilə axan neft və qazın soyumasının, parafinləşməsinin və sürətlə yığılaraq boru kəmərlərinin tıxanmasına səbəb olan, hidrat adlandırılan buz parçalarının əmələ gəlməsinin qarşısını almaq üçün tələb olunur.

- Nasos-kompressor boruları üçün asqı. Diametri cəmi 7 düym olan bu xırda avadanlıq quyudakı boruları sualtı sistemlə birləşdirərək axın sürətini artırmağa kömək edir.

- Genişləndirilə bilən bərk boru elementləri. Boru elementləri, daha dərin lülə intervallarının nisbətən böyük ölçüdə qazılması və qoruyucu kəmər quraşdırılmasına imkan verir.

- Səngəçal terminalında istiliyin utilizasiyası. Bu qurğular fiziki olaraq terminaldakı kompressorların qaz turbinlərinə bərkidilmişdir. Onlar qaz turbinindən çıxan işlənmiş qazı tutaraq terminal boyu istilik təmin etmək üçün istifadə edir. Təkcə bu istilik dəyişdiriciləri sayəsində emissiyaların CO2 ekvivalentində ildə təxminən 110000 ton azalacağı gözlənilir.