Siyasət

27 May

STAR NEZ birinci,Petkim isə üçüncü yerə layiq görülüb

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan STAR NEZ və Petkim Egey Bölgəsi Sənaye Palatasının (EBSO) elan etdiyi “Egey Bölgəsinin Ən Böyük 100 Sənaye Müəssisəsi” siyahısında ilk üçlükdə yer alıb.
Fins.az xəbər verir ki, Bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinin 2020-ci il üzrə  istehsal həcmi və  satış göstəricilərinin qiymətləndirilməsinə əsasən hazırlanmış siyahıda birinci yerə STAR NEZ layiq görülüb. 2020-ci ildə 10.3 milyon ton istehsal və 24 milyard TL-lik ümumi satış həcmi ilə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında ən yüksək nəticə göstərən STAR NEZ  yarandığı gündən bu vaxta kimi davamlı inkişaf dinamikasına nail olub. Ötən il 10,3 milyon ton xam neft emalı həcmi ilə Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25%-ni təkbaşına təmin etmiş STAR NEZ-in çətin pandemiya şəraitində göstərdiyi uğurlu fəaliyyəti diqqətdən yayınmayıb. 

İldə 3,6 milyon ton istehsal gücü ilə 15 əsas və 6 köməkçi müəssisədə 60-a yaxın müxtəlif məhsulun istehsalını həyata keçirən Petkim isə həmin siyahıda 3-cü yerdə qərarlaşıb. Pandemiya nəticəsində qlobal tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq 2020-ci il boyunca istehsal prosesini fasiləsiz davam etdirmiş Petkim dünyada bir çox neft-kimya müəssisələrinin istehsalı azaltmaq və ya dayandırmaq məcburiyyətində qaldığı bir dövrdə istehsal aktivliyini 88%-ə çatdıraraq mühüm göstəricilərə nail olub.