Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinə dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Fins.az xəbər verir ki, layihəyə əsasən bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri) müəyyənləşəcək.
Qanun layihəsinə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.
Bu qanunla müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.
Bundan əlavə, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təşkili məqsədilə nəzərdə tutulmuş bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin tərkib hissəsi olan Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılacaq.
Həmçinin bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat veriləcək.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.