Bu ilin yanvar-mart aylarında Azərbaycana 19,731 mln. ABŞ dolları dəyərində 31 992,1 ton avtomobil benzini ("Aİ-92", "Aİ-95" və "Aİ-98") idxal edilib.
Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 99,2%, dəyəri isə 61,7% artıb.
Xatırladaq ki, ötən ilin analoji dövründə ölkəyə "Aİ-92" markalı benzin idxal edilməyib.
2021-ci ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" ("Premium") markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə sözügedən benzindən ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% artıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub (idxalın 90,3%-i). Ölkə Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 "Premium" benzin ixrac edib ki, bu da illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.
"Aİ-98" ("Super") markalı benzinə gəldikdə, sözügedən benzini Azərbaycana yanvar-martda yalnız Rumıniya ixrac edib. Sözügedən məhsuldan ölkəyə 562,73 min dollarlıq 718,75 ton gətirilib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.
(c)APA