Siyasət

04 May

“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” üzvlərinin növbəti görüşü

CEPI üzvlərinin onlayn formatda görüşü keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə “Equinor” şirkətinin ölkə üzrə meneceri Favad Qureyşi, BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Kazmunayqaz” şirkətinin vitse-prezidenti Kayrat Saktaganov və “Total EP Absheron” şirkətinin rəsmi nümayəndəsi Adil Babayev iştirak etmişlər. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, CEPI-nin İcra Komitəsinin sədri Rəfiqə Hüseynzadə görüşü açaraq, Təşəbbüs çərçivəsində indiyədək görülən işlərdən, həyata keçirilən  layihələrdən danışıb. Qeyd olunub ki, CEPI-nin əsas fəaliyyət istiqaməti Xəzər regionunda ekoloji tarazlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınması, “Sıfır karbon hədəfləri”nin (NetZero) mümkün iqtisadi şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində aparılan neft və qaz əməliyyatları zamanı  ekoloji dayanıqlığın təşviq edilməsidir.

Rəfiqə Hüseynzadə öz çıxışında Qaradağ rayonunda yerləşən Sərəncə istehsalat ərazisində bir neçə ekoloji layihənin həyata keçirilməsini təklif etmişdir. Sərəncə məntəqəsinin istifadə təyinatı, coğrafi yerləşmə amili, habelə iqlim zonallığı nəzərə alınmaqla buradakı mövcud diizel generatorlarının  ekoloji cəhətdən daha təmiz və effektiv olan qaz-turbin generatorları ilə  dəyişdirilməsi fikri görüş iştirakçıları tərəfindən ekoloji cəhətdən daha təmiz texnologiyalara keçid baxımından müsbət qarşılanaraq yüksək dəyərləndirilmiş, gələcəkdə layihənin həyata keçməsi imkanlarının daha təfərrüatlı müzakirəsi, qiymətləndirilməsi haqqında qərar qəbul olunmuşdur.

Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində tətbiq olunan yeni texnika və texnologiyalarla tanışlıq, habelə təcrübə mübadiləsinin aparılması məqsədi ilə CEPI-yə üzv şirkətlərin istehsalat ərazilərinə qarşılıqlı səfərlərin təşkil olunması planlaşdırılmışdır. Görüşdə ətraf mühitin qorunması istiqamətində CEPI çərçivəsində təbliğat-təşviqat işlərinin gücləndirilməsi məqsədilə kitab, jurnal, elmi məqalə və s. materialların nəşrinin nəzərdə tutulması, habelə istehsalat ərazilərində ağacəkmə kampaniyalarının keçirilməsi, yaşıllaşdırma işlərinin aparılması haqqında da qərarlar qəbul edilmişdir.

Tədbirin sonunda cari ilin 01-11 noyabr tarixlərində Birləşmiş Krallığın Qlazqo şəhərində keçiriləcək COP26 beynəlxalq konfransında CEPİ-yə üzv şirkətlərin nümayəndələrinin iştirakının nəzərdə tutulduğu bildirilmişdir.

Xatırladaq ki, CEPİ öz fəaliyyətinə 14 sentyabr 2020-ci il tarixində Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (Caspian Environmental Protection Initiative - CEPI) yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP,  “Total EP Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlamışdır.