“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində daha 20 min abonentin qaz təchizatı yaxşılaşdırılır.
Fins.az xəbər verir ki, Yasamal rayonunun M.Həmidov küçəsində istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti diametri 400 mm olan polietilen boru ilə əvəzlənib. Son mərhələ olaraq mayın 4-də M.Həmidov, H.Zərdabi küçələrinin kəsişməsində yeraltı qaz xəttinin mövcud qaz şəbəkəsinə qoşulması işləri həyata keçirilib. Üç qaz paylayıcı məntəqədən gələn daşıyıcı xətlər bir nöqtədə birləşdirilir, hər xəttin üzərində müxtəlif diametrli siyirtmələr quraşdırılır. Bu da abonentlərin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək, hər hansı qəza, təmir-tikinti zamanı qaz təchizatında uzunmüddətli fasilə yaranmaması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, yeni qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olaraq bu gün səhər saatlarından Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2-ci Alatava, Şərifzadə, V.Əliyev, X.Mustafayev, D.Bünyadzadə, R.Tağıyev, Ü.Ələkbərov, İ.Zülalov, X.Dadaşov və Xiyabani küçələrində qazın verilişində müvəqqəti fasilə yaranıb. Günün sonunadək qaz təchizatı bərpa olunacaq.