Kaliforniya qubernatoru Gavin Newsom 2045-ci ilə kimi öz ştatında neft hasilatının tamam qadağan edilməsi planını elan edib. Bununla belə artıq 2024-cü ilin yanvar ayından başlayaraq neft hasilatının hidravlik parçalama üsulu vasitəsilə reallaşdırılmasına lisenziyanın verilməsi qadağan ediləcək. Beləliklə həmin vaxta kimi lisenziya əldə edəcək şirkətlər növbəti 20 il ərzində neft hasilatı ilə məşğul ola biləcəklər. Buna baxmayaraq yaxın gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyi barəsində olan proqnozları nəzərə alsaq, çox güman ki, ABŞ-ın bir çox ştatında neft hasilatı iqtisadi səbəblərə görə daha tez dayandırıla bilər. Bu barədə Engadget saytı xəbər verib.
Gavin Newsom bu cür bəyanatı parnik qazlarının ifraz olunmasının aşağı salınmasına və Kaliforniya ştatının 2045-ci ilə kimi karbon neytrallığını əldə etməsinə hədəflənmiş layihə çərçivəsində verib. Bu məsələdə ilk addım kimi qubernator Kaliforniya təbiətinin mühafizəsi departamentinə əmr verib ki, o, 2024-cü ilin yanvar ayından başlayaraq neft hasilatının hidravlik parçalama üsulu vasitəsilə reallaşdırılması üçün nəzərdə tutulmuş yeni lisenziyaların verilməsini dayandırsın. Daha sonra neft hasilatının mərhələ-mərhələ dayandırılması planı reallaşdırılacaq.
Çox güman ki, neft hasilatı ilə məşğul olan şirkətlər üçün kvotalar ayrılacaq və ildən-ilə həmin kvotalar kiçiləcəklər. Mütəxəssislərin fikirlərinə əsasən 2045-ci ilə kimi hələ çox zaman olsa da, Kaliforniya idarəçiləri ümid edirlər ki, həmin vaxta kimi təmiz enerji mənbələrinin və bərpa olunan enerji vasitəsilə çalışan nəqliyyat növlərinin sayı o dərəcədə artacaq ki, neft artıq yerli iqtisadiyyat üçün heç bir önəm daşımayacaq. Digər ştatların bu cür qərar verib-verməyəcəkləri bilinmir. Kaliforniya xam neftin hasilatına görə ABŞ-ın 7-ci əsas ştatıdır. 2020-ci ildə Kaliforniyada 145 milyon barel neft hasil edilib. Bu isə bütün dünyanın 1.5 sutka ərzində olan neft istehlakına bərabərdir. Nyu-Meksiko 379 milyon barel, Şimali Dakota 431 milyon barel, Texas isə 1.8 milyard barel neft hasilatı edir. Bu ştatların Kaliforniya kimi radikal qərar verib-verməyəcəkləri bilinmir.