Siyasət

19 Aprel

“Anglo Asian Mining” Azərbaycanda 72 min unsiyaya yaxın qızıl hasil etməyi PROQNOZLAŞDIRIR

Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2021-ci ildə qızıl hasilatının 5%-dən 15,6%-ə qədər azalacağını gözləyir.

Bu barədə şirkətin məlumatında deyilir.

“2021-ci ildə şirkət Azərbaycanda qızıl hasilatını 48-54 min unsiya səviyyəsində proqnozlaşdırır (2020-ci ildə faktiki qızıl hasilatı 56,864 min unsiyaya bərabər olub), azalma 5%-dən 15,6%-ə qədər təşkil edəcək. Qızıl hasilatının daha az həcmdə proqnozlaşdırılması hasilatın yalnız “Gədəbəy” və “Qədir” yataqlarından həyata keçiriləcəyi ilə əlaqədardır, çünki “Uğur” yatağının ehtiyatları artıq tükənib”, - deyə məlumatda bildirilir.

Cari ildə ölkədə 2,5-2,8 min ton mis hasil edilməsi planlaşdırılır, ötən il faktiki hasilat 2,591 min ton təşkil edib.

Şirkətin 2021-ci ildə Azərbaycanda qiymətli metal hasilatı üzrə proqnozu 64-72 min unsiya qızıl ekvivalenti (GEO) təşkil edir. 2020-ci ildə faktiki hasilat göstəricisi 67,249 min unsiya təşkil edib. Beləliklə, 2021-ci ildə şirkət hasilatı 4,8% azalda və ya 7,1% artıra bilər.