2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlmiş və onların 67,4 %-i bərk məişət tullantıları, 32,6 %-i isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Ötən il yaranmış 2350,0 min ton bərk məişət tullantılarının 74,5 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 25,0 %-i enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5 %-i isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4% çox elektrik enerjisi istehsal edilib.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 %-i müəssisələrdə xammal kimi istifadə edilmiş, 20,7 %-i ölkə daxilində satılıb, 1,8 %-i ixrac olunmuş, 8,4 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 44,5%-i isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 % az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Müəllif: Aynur Qəniyeva