Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə birinci rübün hasilat nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, şirkətin açıqladığı hesabata görə, bu ilin birinci rübündə şirkət tərəfindən 11 907 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 3 960 unsiya və ya 24,9 % azdır.
Bu ilin ilk rübündə Britaniya şirkəti 638 ton mis istehsal edib. Bu, 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 14,1 % çoxdur.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 35 365 unsiya təşkil edib. Bu isə 2020-ci ilin birinci rübü ilə müqayisədə 2,1 % çoxdur.
Bu ilin birinci rübündə büdcədə nəzərdə tutulmuş metal qiymətlərindən istifadə edərək hesablanmış 15 810 unsiya qızıl ekvivalenti istehsal edilib.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
(c)Report