Siyasət

15 Aprel

Pərviz Şahbazov  ictimai şuranın üzvləri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyi yanında yeni yaradılmış ictimai şuranın üzvləri ilə görüşüb. 
Fins.az xəbər verir ki, nazir ictimai şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi və ictimai iştirakçılığa xüsusi diqqət yetirdiyini qeyd edib, dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb. 
Görüşdə aidiyyəti sahələr üzrə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində ictimai şuranın iştirakına geniş şəraitin yaradılacağı, şura üzvlərinin rəy və təkliflərinə diqqətlə yanaşılacağı vurğulanıb. Digər sahələr üzrə də ictimai şuranın üzvləri ilə sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstəriləcəyinə əminlik ifadə olunub. Görüş zamanı ictimai şuranın üzvləri seçkilərin şəffaf və ədalətli keçirildiyinə görə təşəkkür edərək, əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Sonda ictimai şuranın üzvlərinə vəsiqələr təqdim edilib.
Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə tərkibi 7 nəfərdən ibarət Energetika Nazirliyi yanında ictimai şura yaradılıb.