Siyasət

14 Aprel

Belarus Qarabağda tikinti-quruculuq işlərinə dəstək vermək istəyir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarusun arxitektura və tikinti naziri Ruslan Parxamoviçi qəbul edib.

Bu barədə fins.az-a komitədən bildirilib.

Məlumata görə, görüşdə sədr ölkələr arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, eyni zamanda şəhərsalma və tikinti sahəsində ikitərəfli və çoxtərəfli formatlarda mütəxəssislər səviyyəsində daim təcrübə mübadiləsinin aparıldığından məmnunluğunu ifadə edib. Daha sonra, A.Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistana qarşı aparılmış uğurlu anti-terror və sülhə məcburetmə əməliyyatı ilə Azərbaycanın uzunmüddətli işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurulması məqsədilə görülən işlər, Komitənin ümumi fəaliyyəti və şəhərsalma sahəsində aparılan islahatlar barədə Belarus həmkarını məlumatlandırıb.

R.Parxamoviç ölkəmizlə qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykənən ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. O, Belarusun Şəhərsalma və Tikinti Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verib, Qarabağda aparılacaq tikinti-quruculuq işləri ilə əlaqədar dəstək göstərməyə, ölkəsinin layihəçilərinin və tikintinin təşkili üzrə ekspertlərinin şəhərsalma proseslərində iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində iki dövlət qurumu arasında şəhərsalmanın planlaşdırılması, habelə layihələndirmə və tikintidə müasir informasiya texnologiyalarının tətbiqi sahələrində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olunub.