Siyasət

10 Mart

ABŞ-da açıqlanan məlumatdan sonra neft ucuzlaşır

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ABŞ-ın xam neft istehsalında 2021-ci ildə gözlənilən azalma əvvəlki proqnozdakı səviyyələrdən az olacaq.

Fins.az EIA məlumatlarına istinadən xəbər verir ki, əvvəlki proqnozda 2021-ci ildə ABŞ-ın günlük xam neft istehsalının orta hesabla 290 min barel azalacağı nəzərdə tutulmuşdu. Yeni proqnoza görə, ABŞ-ın günlük xam neft istehsalı orta hesabla 160 min barel azalacaq və 11,15 milyon barel səviyyəsinə geriləyəcək.

Digər tərəfdən, EIA-nın Qısamüddətli Enerji Proqnozu (Short-Term Energy Outlook - STEO) hesabatına görə, ABŞ-ın xam neft istehsalı 2022-ci ildə gündə orta hesabla 500 min barel artacaq.

ABŞ-da neft hasilatının göləniləndən az düşəcəyi barədə məlumatın açıqlanmasının ardından qlobal bazarlarda neft qiymətləri kəskin düşüb. Ötən həftə 71 dolları aşmış Brent neftinin qiyməti 66,86 dollaradək geriləyib.