Azərbaycan Standartlaşdırma İnstitunun Baş direktoru Namiq Tağıyev “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Namiq Tağıyev “Online B2G Forum” iştirakçılarını salamlayaraq görüşün əsas mövzusunun biznes qurumlarının rəqabət qabiliyyətinin artırılması və inkişafında Azərbaycan Standartlaşdırma İnstitunun rolu olduğunu qeyd edib. O, həmçinin, Standartlaşdırma İnstitunun əsas məqsəd və vəzifələrinin standartların qəbulu, ölkəni bu sahədəki beynəlxalq qurumlarda təmsil etmək və “Milli Standartlaşdırma Proqramı”nın qəbul və icrasından irəli gələn məsələlər olduğunu vurğulayıb. N. Tağıyev “Milli Standartlaşdırma Proqramı”nın texniki komitələr tərəfindən həyata keçirildiyini və bunun əsas istifadəçisinin biznes olduğunu, bu səbəbdən də texniki komitələrin biznes tərəfindən qurulduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb.
“Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Standartlaşdırma İnstitutu bu sahədə mühüm addımlar atmışdır. Bunlardan biri də “Standartlaşdırma” və “Texniki tənzimləmə” haqqında qanunların işlənib hazırlanması və qəbulu üçün təqdim edilməsidir. Bu qanunlar digər ölkələrin bu istiqamətdə həm müsbət həm də mənfi təcrübələri təhlil edilib nəzərdən keçirilərək işlənib hazırlanmışdır. Bununla yanaşı, standartlaşdırmanın 2021-2025-ci illərdə beynəlxalq sistemə keçirilməsi ilə bağlı uyğunlaşdırılma üzrə işlər aparılır”- deyə o, diqqətə çatdırıb.
Daha sonra N. Tağıyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Namiq Tağıyevətəşəkkür edib. O, həmçinin qeyd edib: “Caspian Energy Club-un Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.Təklif edirik ki, bu işçi qrup çərçivəsində standartlaşdırma, akkreditasiya, metrologiya, sertifikatlaşdırma və s. məsələlər aktiv müzakirə olunsun və sahibkarlar üçün bu istiqamətdə maarifləndirmə tədbirləri keçirilsin. Hazırki vəziyyətdə aparılan araşdırmalara əsasən sahibkarlar bu anlayışları bəzən səhv salır və bunların mahiyyətini sonadək anlamır. Bu səbəbdən də belə məlumatlandırma tədbirlərinin keçirilməsi vacibdir ”.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.