Siyasət

07 Yanvar

Energetika Nazirliyinin və AERA-nın internet resurslarından səmərəli istifadəyə diqqət çəkilib

Bakı 7 Yanvar Fins.az

Bu gün Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin 1-4-cü kurs tələbələri ilə onlayn görüş keçirilib.

Fins.az xəbər verir ki,100-ə yaxın tələbənin qatıldığı görüşdə Energetika Nazirliyi və AERA-nın mətbuat katibləri Cahid Mikayılov və Günel Əhmədova qurumların əsas fəaliyyət istiqamətləri, yeniliklər, energetika, bərpaolunan enerji, eləcə də enerji tənzimləmə sahəsində prioritet istiqamətlər barədə ətraflı məlumat veriblər.

Onlayn görüşdə energetika sahəsində təhsil alan tələbələrin məlumatlılığının artırılması prosesinə dəstək vermək məqsədilə Energetika Nazirliyinin və AERA-nın internet resurslarından səmərəli istifadəyə diqqət çəkilib, müvafiq sahə üzrə məlumatların əlçatanlığı ətraflı müzakirə olunub.

Bundan başqa, tələbələrə hər iki qurumun sosial media səhifələrində energetika və enerji tənzimləmə sahələrinə aid mütəmadi yerləşdirilən məlumatların faydalılığından danışılıb, bu məlumatların energetika sahəsində təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasında, ixtisas seçimində və intellektual potensialının gücləndirilməsində vacibliyi vurğulanıb.

Tələbələrin müvafiq sahə üzrə məlumatlılıq səviyyələrinin artırılmasına töhfə vermək məqsədilə mütəmadi informasiya mübadiləsi aparılmasının zərurililiyi vurğulanıb.

Zoom platforması vasitəsilə baş tutan görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.