Siyasət

29 Dekabr

SOCAR Nazirlər Kabinetinin dünənki qərarına aydınlıq gətirdi

"Azərbaycanda təbii qazın hasilatı ilə təkcə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olmur. Qazın hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir".

Bu barədə  fins.az-a SOCAR-dan bildirilib.

Məlumata görə, ötən ilin misalında götürsək, SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6,8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11,5 milyard kubmetr qaz istehlak olunub. Ölkədaxili tələbatı təmin etmək üçün SOCAR hasil etdiyi qazdan əlavə digər hasilatçı şirkətlərdən və konsorsiumlardan qaz həcmlərini alır, öz infrastrukturlarından istifadə edərək emal edir, lazım olduğu təqdirdə anbarlarında saxlayır, magistral kəmərləri vasitəsi ilə daşıyır və müxtəlif istehlakçılara qazın həm topdan, həm pərakəndə satışını təşkil edirdi.

Qeyd edilir ki, qazı topdan alan istehlakçılardan biri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, digərləri isə SOCAR-a aid olmayan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti və “Azərenerji” ASC-dir. Yəni SOCAR indiyə qədər ölkədə yalnız təbii qaz istehsalçısı kimi deyil, həm də qaz hasil edən şirkətlərlə qazpaylayıcı şəbəkələr arasında bir növ vasitəçi qismində, eləcə də ölkənin ən böyük qazpaylayıcı şəbəkəsinin istismarçısı qismində çıxış edirdi.

Azərbaycan Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 N-li qərarı ilə SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri, yəni təbii qazın topdan alqı-satqısı “Azərkontrakt” ASC-yə ötürülüb. “Azərkontrakt” ASC gələn ildən etibarən ölkəmizdə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək.

“Azərkontrakt” ASC SOCAR, Azərbaycan Beynəlxalq əməliyyat Şirkəti (ABƏŞ), “Şahdəniz” konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini “Azərenerji” ASC-yə, SOCAR-ın “Azəriqaz” İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satacaq. Beləliklə, ölkədaxili tələbatın təminatı üçün müvafiq qaz həcmlərinin hasilatçı şirkətlərdən alınması gələn ildən etibarən “Azərkontrakt” ASC-yə həvalə olunub.

SOCAR isə özünə məxsus digər funksiyaları, yəni neft-qaz hasilatı, eləcə də “Azəriqaz” İB vasitəsi ilə qazın birbaşa əhaliyə paylanması və satışını əvvəl olduğu kimi həyata keçirməyə davam edir. Hasilatçılarla paylayıcı qurumlar arasında topdan satış və vasitəçilik funksiyasının “Azərkontrakt” ASC-yə ötürülməsi SOCAR-ın məhz istehsalat fəaliyyəti üzərində fokuslanaraq, öz əsas fəaliyyətinin effektivliyini artırmasına şərait yaradacaq.

Əhali və sənaye kateqoriyasından olan qaz istehlakçıları ilə birbaşa əlaqələrin yaradılması və qazın pərakəndə satışı funksiyaları əvvəl olduğu kimi “Azəriqaz” tərəfindən həyata keçiriləcək.