Bakı 29 dekabr Fins.az
Azərbaycanda istehlakçıların təbii qazla təchiz edilməsi funksiyalarını 2021-ci il yanvarın 1-dən "Azərkontrakt" ASC icra edəcək.
Fins.az xəbər verir ki, nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilib.Hazırda sözügedən əməliyyatlar SOCAR tərəfindən həyata keçirilir.
“Qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarının optimallaşdırılması, səmərəliliyinin artırılması və bununla bağlı mərkəzləşdirilmiş idarəetmənin təmin edilməsi məqsədilə qəbul edilib”, – deyə məlumatda bildirilir.
SOCAR və onun strukturuna daxil olan qurumlara (“Azneft” İstehsalat Birliyi) hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında “Azərkontrakt” ASC-yə satılmasını təmin etmək tapşırılıb.
Bundan başqa, SOCAR və onun strukturuna daxil olan qurumlara Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən 2 qaz hasilatçısı (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etmək tapşırılıb.
SOCAR, həmçinin daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etməlidir.
Maliyyə Nazirliyinə İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və “Azərkontrakt” ASC ilə birlikdə nəzərdə tutulan müqavilələr, habelə “Azərkontrakt” ASC tərəfindən ölkədaxili qaz təchizatı ilə əlaqədar imzalanacaq yeni müqavilələr üzrə ödəniş öhdəliklərinin müvafiq müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsi üçün maliyyə mexanizmlərinə dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.*