Siyasət

26 Dekabr

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb

Bakı 26 dekabr Fins.az

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd artaraq 348 olub. Lakin buna baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 457 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd artaraq 264 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 413 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı 2 ədəd çoxalaraq 83 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 42 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı isə 1 ədəd azalaraq 1-ə enib.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.