Siyasət

25 Dekabr

Elektroenergetika sektorunda dövlət-özəl sektor tərəfdaşlığı və KOB-lar üçün yeni biznes imkanların müzakirəsi

Bakı 25 dekabr Fins.az

Bu gün  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) dəstəyi ilə sahibkarlar üçün elektroenergetika sektorunda DÖST mexanizminin tətbiqi və KOB-lar üçün imkanlar mövzusunda vebinar təşkil olunub.

20-dən çox sahibkarın qatıldığı tədbirin keçirilməsində məqsəd energetika sektorunda biznes imkanları barədə məlumat vermək, bu sektorda icra olunan layihələrdə sahibkarların fəal iştirakını, eyni zamanda, enerji istehsalı sahəsində DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.

Vebinarı giriş sözü ilə açan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, yeni dövrün çağırışlarına uyğun olaraq, post-pandemiya dövründə KOB-ların rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyatın dəstəklənməsi yeni prioritet vəzifə olaraq KOBİA-nın fəaliyyət gündəliyinə daxil edilib. Post-pandemiya dövrünün iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri də DÖST mexanizminin tətbiqinin genişləndirilməsidir. DÖST modeli, Agentliyin strukturunda fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyəti barədə məlumat verən KOBİA sədri elektroenergetika sektorunun beynəlxalq təcrübədə DÖST modellərinin geniş tətbiq edildiyi sektorlardan olduğunu bildirib. Qeyd olunub ki, Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış infrastrukturun, o cümlədən enerji infrastrukturunun bərpası və yenidən qurulması məqsədilə həyata keçiriləcək irimiqyaslı layihələrdə DÖST mexanizminin tətbiqi imkanları nəzərdən keçiriləcək. Həmçinin, hazırda işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar  biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov vebinar iştirakçılarını salamlayıb və onları Vətən müharibəsində əldə edilmiş parlaq Qələbə münasibətilə təbrik edib. O, Agentliyin fəaliyyəti barədə qısa məlumat verərək bildirib ki, yarandığı dövrdən bu günə kimi Agentlik enerji bazarının tənzimləməsində, bir çox qanun layihələrinin hazırlanmasında iştirak edib, normativ hüquqi aktların hazırlanmasına töhvələrini verib. Bazar araşdırmaları aparılmaqla bərabər, bir çox beynəlxalq enerji qurumları və maliyyə təşkilatları, həmçinin, xarici ölkələrin enerji tənzimləyiciləri ilə sıx əməkdaşlıq edilib. Bildirilib ki, müvafiq sahədə görüləcək işlər enerji sahəsində də fərdi sahibkarlıq fəaliyyətinin formalaşması və investisiya qoyuluşu üçün imkanlar yaradacaq. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə əvvələr mövcud olmuş və tamamilə dağıdılmış enerji güclərinin bərpası istiqamətində işlər aparılmalıdır.

Sonra Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov “Elektroenergetika sahəsində DÖST mexanizmi kiçik və orta biznes üçün imkanlar” mövzusunda təqdimatla çıxış edib. O, elektroenergetika sektorunda beynəlxalq trendlər, enerji daşıyıcıları üzrə qoyuluş gücləri, dövlət özəl sektor tərəfdaşlığı, enerji sektorunda investisiyalar, Türkiyənin enerji istehsalının diversifikasiyası sahəsində təcrübəsi, bərpa edilən və alternativ enerji sektorunun potensial imkanları barədə sahibkarlara ətraflı məlumat verib.

Vebinar müzakirələrlə davam etdirilib və sahibkarlarla AERA və KOBİA nümayəndələrinin sual-cavab sessiyası ilə yekunlaşıb.