Son illərdə SOCAR-ın Azərbaycan dövlətinə birbaşa pul köçürmələri əsasən sırf vergilər olub.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O qeyd edib ki, son illərdə SOCAR-ın Azərbaycan dövlətinə birbaşa pul köçürmələri əsasən sırf vergilər olub. Yəni SOCAR hər il təxminən 1,3-1,5 milyard manat civarında vergi köçürür. Bununla yanaşı SOCAR-ın əldə etdiyi mənfəətdən dövlətə birbaşa dividentlərin ödənilməsi kimi mexanizm indiyə kimi mövcud olmayıb. İndi bu məsələ müzakirə olunmaqdadır. Mən burda detalları deyə bilmərəm. Ona görə ki, bu sahədə hər hansı bir qərar yoxdur. Bu müzakirə səviyyəsindədir.
O bu yaxınlarda prezident İlham Əliyevin bu mövzuda səsləndirdiyi fikirlərə də toxunaraq bildirib ki, bu il cənab prezident bu məsləni qaldırmışdı ki,dövlət şirkətlərinin əməliyyat effektivliyi artırılmalıdır. İnvestisiya holdinqi yaradıldı hansı ki, bu işlərdə müəyyən təşəbbüsləri təklif edir. Yəqin ki, yaxın zamanda bununla bağlı dövlət tərəfindən müəyyən qərar veriləcək.
İbrahim Əhmədov SOCAR-ın gördüyü işlər barədə məlumat verərək deyib ki, ancaq bu o demək deyil ki, SOCAR indiyə qədər ümumiyyətlə Azərbaycanın inkişafı üçün vergidən başqa bir iş görməyib. Xeyr çox böyük işlər görüb. Sadəcə olaraq bunu birbaşa divident kimi yox şirkətin sosial xərcləri kimi bizim hesabatlarında qeydə alınıb. Azərbaycanda bir çox obyektlər, infrastruktur yollar, məktəblər, parklar və s. bir çoxu SOCAR-ın verdiyi bu sosial ianələrlə inşa olunub yaxud təmir olunub.
Müəllif: Aynur Qəniyeva