Siyasət

18 Dekabr

Özümə söz vermişəm, oğlum sağ-salamat gəlsin... – usta ilə söhbət

Bakı 18 dekabr Fins.az

Bu günlər xalqımızın yaddaşında həm də birlik, bərabərlik günləri kimi qalacaq. Artıq aylardır Azərbaycan xalqı şərəfli bir tarix yaşayır. 30 ildir düşmən tapdağında qalan torpaqlarımız igid oğullarımızın qanı, canı, sağlamlığı bahasına işğaldan azad edilir. Hər bir vətəndaşımız cəbhədədir: kimisi cismən, kimisi ruhən. Oğlu ölümlərdən dönən ata deyir ki, mən fəxr edirəm övladım azadlıq müharibəsinin iştirakçısıdır. Bu cür düşünən on minlərlə atadan biri olan həmsöhbətimiz Norm Ustalar Klubu Layihəsinin üzvü Kamran Cavadovdur.

Kamran usta 15 ildir tikintidə çalışır. Hörgü və suvaq işilə məşğuldur. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi ilə əlaqədar olaraq işlərin bir qədər səngidiyini deyən ustanın sözlərinə görə, tikinti sahəsində yenidən canlanma var: “Şükürlər olsun, dolanışığımızı təmin edir, bizi çətinlik çəkməyə qoymur bu iş”.

Tikinti sahəsində işləməyə yeznəsinin yanında fəhlə kimi başlayıb. Sonradan ondan sənəti öyrənib və özü ayrıca usta olaraq fəaliyyət göstərir. Əslində tikintinin bütün işlərini bacarsa da, özünün marağı daha çox hörgü və suvaq işinədir. Yaşadığı Yevlax rayonunda sifarişlər həm sadə, həm də Avropa üslubunda verilir. Ən asanı isə konkret memar tərəfindən verilmiş dizaynları işləməkdir: “Kimisi dizaynı özü verir, kimisi də memara çəkdirir. Memara çəkdirəndə mənim üçün də asan olur. Riyaziyyatdan da biliyim yaxşıdı deyə konkret dizayn əsasında işləmək çətin deyil”.

K.Cavadovun sözlərinə görə, iş daimi olanda dolanışıq da yaxşı olur: “Bu işdə işləyib uşaqlarımın birini ali məktəbdə, birini musiqi məktəbində oxutmuşam, birini gözəllik salonunda işləmək üçün usta yanına qoymuşam. İşim təbii ki, çətindir, ağırdır, amma mən bu sahəni artıq özümə doğma bilirəm”.
Kamran ustanın bir oğlu müharibə başlayandan cəbhədədir: “Könüllü olaraq gedib. İndiyə qədər də harada olduğunu bilmirəm, hərbi sirdir deyə demir. Özümə söz vermişəm ki, oğlum sağ-salamat qayıtsın, mən də alınan torpaqlarda aparılan tikinti-bərpa işlərində həvəslə iştirak edəcəm”.
Norm Ustalar Klubuna üzv olmaq isə ən çox ona görə ürəyindəndir ki, bu layihə ona yeni dostlar qazandırıb: “Ölkənin hər yerindən dostlarım var, bu layihə sayəsində. İldə iki dəfə toplaşırıq, maraqlı müzakirələr edirik. İstərəm, bu layihə uzunömürlü olsun”.
Qeyd edək ki, Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaradılıb. Klubun hazırda 5500 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə maarifləndirici təlimlər təşkil edilib.