İndiyədək Türkiyəyə 76 mlrd. kubmetrdən çox Azərbaycan qazı nəql edilib.
Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, bunu "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Qeyd edək ki, Azərbaycan qazı Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri, onun genişləndirilmiş hissəsi və Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə nəql edilir.
Nazirin sözlərinə görə, TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 mlrd. kubmetrdən artıq olub.
Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu TAP kəməri işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib.