Bakı, 26 noyabr Fins.az
Norm Ustalar Klubu layihəsi çərçivəsində həmsöhbət olduğumuz ustaların əksəriyyəti tikinti sahəsində çalışmağa, demək olar ki, lap gənc yaşlarından başlayıblar. Layihə müəlliflərinin diqqətini çəkən bu zəhmətkeş insanların hər biri ağır əməyə qatlaşan, halal çörəklərini qazanan insanlardır. Çox maraqlıdır ki, hər biri də ağırlığına baxmayaraq, öz işini sevir.
“Kamil bağban saldığı bağın səfasını çəkər” deyib atalarımız. Lənkəran rayonundan olan həmsöhbətimiz Nicat usta da eyni fikirdədir. Deyir ki, tikintinin əziyyəti çox olsa da, iş daim var, halallıq var: “Mən tikintidə üzlük daşların vurulması ilə məşğulam. Təxminən 2006-cı ildən bu sahədə çalışmağa başlamışam. Ehtiyac üzündən başladım tikintidə işləməyə. Amma marağım da var idi. Ailəmizdə heç kim bu sahədə çalışmayıb. Mən bibim oğlunun yanında çalışırdım əvvəllər, elə onunla da öyrəndim. Bakıda da işlərimiz olurdu, orda “Diplomat” hotelin tikintisində iştirak etmişik”.
Lənkəranda müştərilər əsasən Avropa üslubuna üstünlük verirlər: “Amma bunu hər adam sifariş verə bilmir təbii ki. İmkanı olan istəyir, imkansızlar sadə üslubda ev tikdirirlər. Müştərilərimizin bütün istəklərinin öhdəsindən gələ bilirik. Şükür Allaha ki, indiyədək bizdən narazı qalan olmayıb”.
Nicat ustagil ailədə dörd qardaşdırlar. İki qardaşı ali təhsil alsa da, digər iki qardaş tikinti sahəsində peşəkarlaşıblar. “Bu sənətin arxasınca getdiyim üçün məndə heç vaxt peşimançılıq yaranmayıb. Əksinə, sevinirəm ki, hansısa işdə püxtələşmişəm” - deyir.
Usta Nicat Norm Ustalar klubunun fəal üzvüdür.
Norm Ustalar Klubu 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.