Siyasət

25 Noyabr

Rövnəq Abdullayev Vahid Ələkbərovla görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.

Fins.az-ın  SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak ediblər. Görüşdə “Lukoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “Lukoil”in iştirakı yüksək qiymətləndirilib və “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.

V. Ələkbərov “Lukoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirərək, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Lukoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, “Lukoil” Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.