Siyasət

24 Noyabr

"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatı üzrə proqnozunu yeniləyib

Bakı, 24 noyabr Fins.az

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" ölkədə 2020-ci ildə qızıl hasilatı üzrə proqnozunu 68-72 min unsiyayadək azaldıb. Əvvəlki proqnoz 75-80 min unsiyaya bərabər idi.

Azalma əsasən mühəndis heyətinin bir hissəsinin hərbi xidmətə çağırılması və yeraltı qaya çatlaması səbəbindən tunel çəkilişinin yavaşlaması ilə nəticələnən "Gədəbəy" qızıl yatağında aparılan yeraltı işlərdəki bəzi gecikmələrdən qaynaqlanır. Şirkət 2020-ci maliyyə ili üçün 100 mln. ABŞ dollarından çox dövriyyəyə nail olmaq niyyətindədir.

"Hərbi xidmətə çağırılan heyət üzvlərinin xidmətdən qayıtdıqdan sonra gələn ilin əvvəlində işə başlaması gözlənilir. Şirkətin "Gədəbəy" qızıl yatağında əməliyyatları heç bir fiziki ziyan görməyib, normal fəaliyyət göstərir", - deyə şirkətin açıqlamasında deyilir.

Bundan əlavə, "Anglo Asian Mining" Azərbaycan hökuməti ilə "Gədəbəy" qızıl yatağının Hasilatın Pay Bölgüsü haqqında Sazişi (PSA) çərçivəsində işğaldan azad olunmuş müqavilə sahələri üzrə planları barədə bazara məlumat verəcək.