Siyasət

13 Noyabr

Usta İbad ömrünün tam yarısını bu işə sərf edib...

“Yeniyetmə yaşımdan bu sahədə çalışıram, halal çörəyimi burdan qazanıram. Ona görə də işimi sevirəm” - deyir. Tikinti nə qədər ağır iş olsa da, müxtəlif sahələrində çalışan digər həmsöhbətlərimiz kimi, İbad usta da burada halal zəhmətlə çörək qazandığı üçün özünü rahat hiss edir.

1981-ci ildə Ağcabədi rayonunda anadan olan İbad Məhərrəmovun orta məktəb illəri müharibə dövrünə düşdüyü üçün təhsildən uzaqlaşıb. Bir müddət bazarda xırda alverlə məşğul olub, hətta bir zamanlar fikrindən böyük ticarətə gəlmək də keçib: “Ticarətçi olmağı düşünürdüm. Amma bir gün mənim qonşuluğumda başqa bir alverçi yer götürdü. Tikintidə usta işləyirdi, işi olmayanda ticarətlə məşğul olurdu. Onunla tanışlıqdan sonra başladım yanında fəhlə kimi işləməyə. Qısa müddətdən sonra mən də bu işi öyrəndim. Əslində tikintinin bütün sahələrini bilirəm, amma ən yaxşı bacardığım işlə, hörgü, beton, suvaq işlərilə məşğulam. Dam örtüyü vurmaqdan başqa bütün işləri bacarıram. Daha çox isə suvaq işi yaxşı gəlir əlimdən”.

Əsasən sadə evlərin tikintisində iştirak edən həmsöhbətimiz bildirir ki, Ağcabədidə xüsusi üslublara müraciət edən adam az olur. Görünür, rayonun cəbhə bölgəsində yerləşməsi insanların təmtəraqlı tikililərə müraciət etməsinə müəyyən qədər təsirini göstərir. Bununla belə, İbad ustanın sözlərinə görə, müştərilər olduqca tələbkardırlar: “Səliqəli iş istəyirlər, biz də bu istəyin öhdəsindən gəlməyə çalışırıq. Çox şükür ki, buna nail ola bilirik. Daha çox suvaq işləri götürürəm. Digər işlər il ərzində bir neçə dəfə olursa, suvaq işi daim olur”.

Rayonda bir neçə dəfə dövlət sifarişi olan layihələrdə işə çağırılsa da, üstünlüyü vətəndaşlardan gələn tələbatı ödəməyə verib: “Bircə dəfə rayonda su idarəsi üçün bina tikiləndə təklifi dəyərləndirə bildim. Yoxsa insanlarımız sağ olsunlar, biri işsiz qoymadıqları kimi, mən də onları naümid qoyub başqa təkliflərin ardınca getməmişəm. Amma su idarəsinin binasını yaxşı işlədiyimizə görə qəzetdə haqqımızda məqalə yazılmışdı. İşimi keyfiyyətli gördüyüm üçün bəzən olur ki, müştəri aylarla gözləyir, əlim boşalsın işini mənə versin deyə”.

İşin ağırlığı İbad ustanı qorxuzmur: “Ağır da olsa ailəmizi dolandırırıq, ehtiyaclarımızı ödəyirik. Bütün işlər ağırdır, eləsi var fiziki ağır deyil, amma məsuliyyəti ağırdır. Ona görə də mən öz işimi digərlərindən fərqləndirmirəm. Bu işə sevgim də, marağım da var. Çünki əvvəldən də dediyim kimi, halal zəhmət tələb edən, halal çörək qazandıran işdir”.

İ.Məhərrəmovun böyük qardaşları da tikinti sahəsində çalışırlar. Ağcabədidə adlı-sanlı ustalardır. Bir qardaşı özü ilə bərabər işləyir.

Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klub 2016-ci ilin dekabrında yaradılmışdır. Klubunu yaradılmasının məqsədi inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Məlumur ki, düzgün məhsulun peşəkar usta tərəfindən istifadəsi inşaat sahəsindəki işlərin keyfiyyətinə zəmanət verir.