Türkiyənin "Petkim" neft-kimya kompleksi bu ilin III rübündə 311 mln. türk lirəsi (36,72 mln. ABŞ dolları) həcmində mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
Türkiyə mətbuatında yayımlanan məlumata görə, II rübün nəticəsi ilə müqayisədə isə artım 114% təşkil edib.
Məlumata əsasən, bu göstəricini əməliyyat xərclərinin optimallaşdırılması, istehsal proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsi və digər tədbirlər nəticəsində eldə etmək mümkün olub.
Qeyd edək ki, 3 aprel 1965-ci il tarixində başda "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb. 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq A.Ş."nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCARTurcas Enerji A.Ş." tərəfindən əldə edilib.
Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sənayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.