Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov ilə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi arasında videokonfrans formatında görüş keçirilib.
Energetika Nazirliyindən fins.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək, ona uğurlar arzulayıb. Daha sonra səfirə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə ağır artilleriya və raket qurğuları vasitəsi ilə hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 mülki şəxs qətlə yetirilib, 400 nəfərdən çox yaralanıb.
Məlumata əsasən, səfir Ermənistanın hərbi təxribatları nəticəsində Gəncə, Bərdə, Tərtər şəhərlərində, həmçinin münaqişə zonasından kənar digər bölgələrdə həlak olanlarla bağlı Azərbaycan xalqına, şəhid ailələrinə və yaxınlarına başsağlığını çatdırıb. Ölkəsinin rəsmi mövqeyinin dəyişməz qaldığını bildirərən səfir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib. O, eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarının Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi münasibəti ilə təbriklərini çatdırıb.
P.Şahbazov hazırda İranla birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və görülən işlər barədə fikirlərini bildirib, illərdir davam edən uğurlu əməkdaşlığa səfir Seyid Abbas Musəvinin töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə İranla neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və digər məsələlər müzakirə olunub.